Qvatemalanın kiçik El-Xokote yaşayış məntəqəsində qeyri-adi hadisə qeydə alınıb. Atası tərəfindən öldüyü elan edilən 15 yaşlı Yuleydi İskotoyak ehtimal edilən ölümündən səkkiz saat sonra, məhz öz dəfn mərasimi zamanı tabutda özünə gəlib.
Aftv.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Qızın atası, pastor (dini təbliğat aparan şəxs) olan Abraham İskotoyak qızını tibb mərkəzinə apararkən o, qəfildən huşunu itirib. Kişi avtomobili saxlayaraq Yuleydinin nəbzini və tənəffüsünü yoxlamağa çalışıb. Həyat əlamətləri tapmadığı üçün o, yeniyetmənin vəfat etdiyini düşünüb. Onun sözlərinə görə, qızın ölümü həkim tərəfindən təsdiqlənməyib və rəsmi ölüm şəhadətnaməsi verilməyib.
Ailə dərhal dəfn hazırlıqlarına başlayıb: tabut alınıb və həmin gün saat 14:30-a vida mərasimi təşkil edilib. Yaxınları tabutun ətrafına toplaşdığı zaman qızın ağlayan anası Lesviya Rios içəridə hərəkət olduğunu hiss edib.
"Mən onun sağ olduğunu, ölmədiyini deyirdim. Tabutun başında ağlayarkən pəncərəni açdıq, o, hərəkət etdi, oyandı və qəfildən oturdu", - deyə qadın yerli kütləvi informasiya vasitələrinə bildirib.
Sosial şəbəkələrdə yayılan videoda çəhrayı köynək geyinmiş Yuleydinin tabutda oturduğu, sevinən qohumlarının isə "Halleluya!" - deyə qışqırdığı görünür. Şoka düşmüş qohumları qıza oradan çıxmağa kömək ediblər.
Yuleydi özü xatırlayır ki, huşunu itirməzdən əvvəl ürəyində şiddətli ağrı hiss edib.
"Sağ qaldığım üçün Allaha və valideynlərimə şükür edirəm. Əllərim hələ də əsir, lakin artıq gücümü toparlayıram. Bu, bir möcüzə idi", - deyə o qeyd edib.
"Onun artıq nəfəs almadığını gördüm və biləklərində nəbzini hiss edə bilmədim. Bu, mənim üçün çox ağır vəziyyət idi. O, xəstəxanaya çatdırılmamışdı", - deyə qızın atası onun ölümünə tam əmin olduğunu etiraf edib.
Hazırda Yuleydinin huşu özündədir və evdə müalicəsini davam etdirir. Qvatemala rəsmiləri hələlik bu insidentlə bağlı heç bir şərh verməyiblər.