Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto

Cəmiyyət
12, okt, 2026 18:16

Üzərində müxtəlif yazılar, xətlər və ləkələr olan əsginaslarla bağlı vətəndaşlara xəbərdarlıq edilib.

Aftv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, nağd hesablaşmalar zamanı mağazalar, supermarketlər və xidmət müəssisələri üzərində əlavə yazılar, xətlər və ləkələr olan, eləcə də tədavülə yararsız hesab edilən əsginasları qəbul etməkdən imtina edə bilərlər.


Bu səbəbdən vətəndaşlara pulların üzərinə hər hansı yazı yazmamaq, onları cızmamaq və yararsız vəziyyətə salmamaq tövsiyə olunur.

 Hüquqşünas Əkrəm Həsənov bildirib ki, pul nişanlarının üzərinə yazı yazılması və onların korlanması dünyanın hər yerində arzuolunmaz hal hesab olunur.

O qeyd edib ki, pulun üstünə yazı yazılmasına görə, hər hansı hüquqi məsuliyyət nəzərdə tutulmasa da diqqət yetirilməli nüanslar var.

"Azərbaycan qanunvericiliyində pul əsginasının üzərinə yazı yazılmasına və ya onun korlanmasına görə ayrıca inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma nəzərə almaq lazımdır ki, milli valyutanın emitenti Mərkəzi Bankdır. Əgər konkret şəxsin pul əsginasını qəsdən korladığı sübut olunarsa və bunun nəticəsində Mərkəzi Banka zərər dəydiyi müəyyən edilərsə, Mərkəzi Bank həmin şəxsdən vurulmuş zərərin əvəzini məhkəmə qaydasında tələb edə bilər. Lakin bunun üçün şəxsin əməli, təqsiri və dəymiş zərərlə həmin əməl arasındakı səbəbli əlaqə sübut olunmalıdır. Nəzərə almaq lazımdır ki, əsginasın üzərindəki yazı, ləkə və ya digər zədələr onun dövriyyədə istifadəsinə təsir göstərə bilər", - deyə Ə.Həsənov bildirib.

Son xəbərlər