KOBSKA son 6 ay da məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - Nigar Ələsgərova

Cəmiyyət
14, avq, 2024 11:07

KOBSKA son 6 ay da məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub
Nigar Ələsgərova: Biz əvvəlki dövrlərdə olduğu kimi, son 6 ayda da maraqlı tərəflər arasında əlaqələndirici rol oynamağa, dəyər yaratmağa davam etmişik
Azərbaycanda bütün sahələrdə, o cümlədən iqtisadi sahədə həyata keçirilən uğurlu siyasət öz bəhrəsini verir. Eyni zamanda, ölkədə yaradılan əlverişli biznes mühiti ayrı-ayrı iş adamları və şirkətlərin daha çox uğur əldə etməsinə təkan verir. Bu uğurdan artıq iki ildən çoxdur ki, fəaliyyət göstərən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasına da (KOBSKA) pay düşüb. Bəs, sahibkarlar arasında korporativ münasibətlərin inkişaf etdirilməsi, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma qismində çıxış edən KOBSKA ötən 6 ayı necə başa vurub? KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova ilə müsahibəmizdə bu və digər suallara cavab aldıq.
Müxtəlif görüşlər, tədbirlər, forumlar, festivallar...
- Hörmətli Nigar xanım, bildiyimiz kimi rəhbərlik etdiyiniz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) 6 aylıq hesabatı yayımlanıb (//admin.kobska.az/uploads/KOBSKA_2024_ci_il_yarimillik_hesabat_8f53190a41.pdf). Məhz bundan yola çıxaraq son 6 ayda KOBSKA tərəfindən həyata keçirilən fəaliyyətlərlə bağlı ətraflı məlumat almaq istərdik.  Ümumiyyətlə, KOBSKA-nın son 6 aydakı fəaliyyətlərində hansı əsas istiqamətlər yer alıb?
- Əvvəla, müsahibəyə və KOBSKA-nın fəaliyyətinə göstərdiyiniz diqqətə görə öz təşəkkürümü bildirirəm. Konkret olaraq sualınıza gəlincə, ilk olaraq onu bildirmək istəyirəm ki, KOBSKA olaraq biz əvvəlki dövrlərdə olduğu kimi, son 6 ayda da maraqlı tərəflər arasında əlaqələndirici rol oynamağa, dəyər yaratmağa davam etmişik. Bu sahədə müxtəlif görüşlər, tədbirlər, forumlar, festivallar, B2B, B2G görüşlər həyata keçirmişik. Bu fəaliyyətlər cənab Prezident İlham Əliyevin iş dünyası ilə bağlı verdiyi tapşırıqlarda, o cümlədən müxtəlif çıxışlarında qeyd edilən və ölkənin strateji inkişafına xidmət edən sahələr üzrə həyata keçirilib. Sualınızın ikinci hissəsinə gəlincə, qeyd edim ki, 2024-cü ilin ilk yarım ilində böyük layihələr - “Beynəlxalq Aqro Biznes Forum -2024”,   “Türk Dövlətləri İqtisadi Forumu”, “BakuEduExpo 2024- Beynəlxalq Təhsil sərgi satış yarmarkası, “İFest” - İnnovasiya və Texnologiyalar Festivalı, “İş dünyası-100 ilin zirvəsi”-  İzmir layihəsi, həmçinin bir sıra digər layihələri icra etmişik.
“Türk Dünyasının iqtisadi birliyinə dəstək olan layihələr reallaşdırmışıq.”
-Ötən müddətdə reallaşdırdığınız layihələr sırasında “Türk Dövlətləri İqtisadi Forumu”nun da olduğunu qeyd etdiniz. Ümumiyyətlə, KOBSKA Türk Dünyasında iqtisadi inteqrasiya istiqamətində hansı addımları atıb?
- Maraqlı və gündəmdə olan bir mövzuya dair sualdır. Cavab olaraq bildirim ki, KOBSKA təsis olunduğu gündən Türkiyə və digər türk dövlətləri ilə əməkdaşlığın qurulması, inkişafı və daha da dərinləşdirilməsini prioritet məsələlərdən biri kimi qəbul edib. Məhz bu prizmadan çıxış edərək Türk Dünyasının iqtisadi birliyinə dəstək olan layihələr reallaşdırmışıq və bundan sonra da məsələ diqqətimizdə olacaq.  Eyni zamanda, xüsusilə, Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra qurumlarla memorandumlar imzalamışıq və bu sənədlərə dayanaraq sahibkarlar arasında əməkdaşlığı gücləndirmək, yeni əməkdaşlıqları qurmaq üçün fəaliyyətlər icra edirik. Məsələn, Ankara Ticarət Odası, İzmir Ticarət Odası, Ege Sanayi Bölgesi Ticarət Odası ilə memorandumlarımız mövcuddur. Həmçinin OSTİM-Organize Sanayi Bölgesi, DEİK Azərbaycan İş Konseyi, Türk Dünyası Tarım Birliyi, Agro TV, Kuzey Kıbrıs Ticaret Odası, KOSGEB və s. kimi qurumlarla sıx münasibətlərimiz formalaşıb. Bununla yanaşı 2024-cü ilin fevral ayında bir qrup sahibkarla Özbəkistana işgüzar səfərimiz baş tutub. Hal-hazırda da “Türk dövlətləri`` ilə bağlı böyük bir foruma hazırlaşırıq.
“İzmirdə KOBSKA-nın Türkiyə nümayəndəliyini təsis etdik.”
- Məlum olduğu kimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildöünmü ilə əlaqədar olaraq 2023-cü il ölkəmizdə Heydər Əliyev İli elan olunmuşdu. Onu da bilirik ki, ötən il KOBSKA da bu münasibətlə çeşidli fəaliyyətlər sərgiləyib...
- Bəli, tamamilə doğru dediniz. Ötən il müxtəlif fəaliyyətlər icra etdik. Həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının, həm də qardaş Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunan “İş Dünyası- 100 ilin Zirvəsi” layihəsi isə xüsusilə yaddaqalan oldu. “İş Dünyası 100 ilin Zirvəsi” layihəsi çərçivəsində 2023-cü ilin iyulunda Türkiyənin İstanbul, noyabrında Ankara, ən sonda isə 2024-cü ilin aprel ayında İzmir şəhərində tədbirlər həyata keçirdik. Bu tədbirlərdə hər iki ölkənin dövlət rəsmiləri, o cümlədən sahibkarları iştirak edirdi. Həmçinin qeyd edim ki, layihənin son dayanacağı olan İzmir şəhərində biz KOBSKA-nın Türkiyə nümayəndəliyini də rəsmi olaraq təsis etdik. Burada bizim əsas məqsədimiz həm qardaş ölkədən Azərbaycana gəlmək, iş qurmaq, yatırım etmək istəyən, həm də doğma ölkəmizdən qardaş ölkəyə gedib orada eyni fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlara dəstək olmaq, iki ölkə sahibkarları arasında sinerjini yaratmaqdır.
“KOBSKA olaraq sahibkarlıq mühitinin inkişafı üçün bir sıra digər fəaliyyətlər də həyata keçiririk.”
- Nigar xanım, sahibkarlar arasında sinerji məsələsinə toxundunuz. Bilirik ki, KOBSKA olaraq bu sahədə ölkəmizdə çox böyük işlər görürsünüz. Bununla bağlı nələr deyə bilərsiniz?
- Doğru buyurdunuz ki, biz KOBSKA olaraq sahibkarlıq mühitinin inkişafı üçün bir sıra digər fəaliyyətlər də həyata keçiririk. Bura B2B və B2G görüşlər, sahibkarlar arasında işgüzar səhər yeməkləri, sahibkarların öz zamanını asudə keçirməsi və hətta əylənərək öz biznesini böyütməsi üçün müxtəlif fəaliyyətlər daxildir. Biz buna misal olaraq, son 6 ay ərzində 5 fərqli dövlət qurumları ilə B2G-lər həyata keçirmişik. Bura Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsilin İnkişafı Fondu, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə sahibkarlarımız arasında həyata keçirdiyimiz görüşlər daxildir. Həmçinin biz sahibkarları digər sinerji yaradan fəaliyyətlərə də cəlb edirik ki, onlar öz aralarında tanışlıq qura və gələcək əməkdaşlıqları müzakirə edə bilsinlər.
"Niyə məhz “yaşıl dünya naminə?"
- Nigar xanım, son 6 aylıq fəaliyyətlər sırasında KOBSKA-nın təhsil və texnologiya sahəsində də həyata keçirdiyi bir sıra layihələr var. İstərdik ki, bu fəaliyyətlərlə bağlı oxucularımıza detallı məlumat verəsiniz.
- 24-25 may tarixlərində “Baku Edu Expo 2024” Beynəlxalq Təhsil sərgi-satış yarmarkasını həyata keçirdik. Əslində, bu tədbir tam 2 il öncə 2022-ci ildə “Öz gələcəyiniz qur” (“Build your future”) şüarı ilə həyata keçirilən Beynəlxalq Təhsil sərgi-satış yarmarkasının davamı hesab olunur. Layihədə bizim əsas məqsədimiz təhsil şirkətlərinin inkişafına şərait yaratmaq, onları potensial müştəriləri ilə görüşdürmək və öz aralarında əlaqələrin qurulmasını təmin etmək idi. Həmçinin sərgi-satış yarmarkasında bir sıra xarici universitetlər, təhsil şirkətləri ilə yanaşı tanınmış ekspertlər də təmsil olunur.  Qeyd edim ki, “Baku Edu Expo 2024” bu dəfə Dədə Qorqud parkında, açıq havada təşkil olundu və  ümumilikdə 10.000-dən çox ziyarətçi sərgiyə qatıldı. COP29-a həsr olunan layihə “Yaşıl dünya naminə öyrənək” şuarı ilə keçirildi.
Bunun ardından biz ölkəmiz üçün daha bir strateji önəm daşıyan sahə olan texnologiyanın inkişafı üçün “İFest” İnnovasiyalar və Texnologiyalar Festivalını həyata keçirdik. (//kobska.az/logos/iFEST-9 )
Doğrudur ki, “İFest” iyul ayında baş tutdu, tam da 6 aylıq fəaliyyətə aid etmək olmaz. Amma bütün hazırlıq mərhələsi əlbəttə ilk yarim ilə təsadüf edirdi. İsti yay aylarına baxmayaraq bu festivalda 2500-dən çox ziyarətçi iştirak etdi. Festivalda startapların və texnologiya şirkətlərinin nümayişi, panel müzakirələri və investorlarla görüşlər baş tutdu.
Yeri gəlmişkən, COP29-a həsr olunan “İFest” cari ildə  “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı ilə həyata keçirildi. Yəqin ki, hər iki tədbirdə şüarda niyə məhz “yaşıl dünya naminə” sözlərinin əks olunmasını təxmin etdiniz. Məsələ burasındadır ki, hazırda yaşadığımız Yer planetində xüsusi olaraq diqqət ayrılan məsələlər sırasında bərpaolunan və “yaşıl enerji” mühüm yer tutur. Bu da təsadüfi deyil. Çünki müasir dünyamızın, o cümlədən insanlığın gələcəyi məhz “yaşıl enerji”yə keçidin uğurlu alınması ilə bu və digər dərəcədə bağlıdır. Təbii ki, dünyanın xilası və inkişafı məsələsində hər zaman ön sırada gedən Azərbaycan da bu məsələyə özəl yanaşma sərgiləyir. Məlumat üçün bildirim ki, Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Həmçinin, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Heç şübhəsiz biz iş adamları da öz fəaliyyətimizdə bu məsələyə xüsusi diqqət ayırmalı, dövlətin həyata keçridiyi siyasətə dəstək olmalıyıq.
Onu da əlavə edim ki, yuxarıda bəhs etdiyim hər iki layihə silsiləvi xarakter daşıyır.
“Sahibkarların müxtəlif beynəlxalq sərgilərdə iştirakları üçün əlverişli platforma rolunu oynayırıq.”
- Fəaliyyətlərə nəzər saldıqda görürük ki, rəhbərlik etdiyiniz Assosiasiya dünya təcrübəsindən də geniş istifadə edir. Buna Assosiasiya daxilində xüsusi istiqamətlərdə komitələrin təsis olunmasını misal göstərmək olar. Bilmək istərdik ki, beynəlxalq müstəvidə hansı qurumlarla çalışırsınız və digər hansı fəaliyyətləri həyata keçirirsiniz?
- Ümumiyyətlə, qeyd edim ki, biz uğurlu təcrübələri öyrənməyə, öz ekosistemimizə uyğunlaşdırıb, tətbiq etməyə çalışırıq. KOBSKA-nın vizyonu da qlobal bazarlara uyğun sahibkarlıq mühitini formalaşdırmaqla sahibkarların həmin bazarlara inteqrasiyasına dəstək olmaqdır.
Təsis olunduğumuz gündən bu günədək olan müddətdə Dünya Bankı, UNİCEF kimi bir sıra nüfuzlu veynəlxalq təşkilatlarla əməkdaşlıq etmişik. Müxtəlif səfirliklərlə əməkdaşlığımız davam edir. Sahibkarların da müxtəlif beynəlxalq sərgilərdə iştirakları üçün əlverişli platforma rolunu oynayırıq. İndiyə kimi Türkiyə, Rusiya, Hollandiya, Polşa, İngiltərədə keçirilən sərgilərdə sahibkarlarımızın iştirakını dəstəkləmişik.
Hal-hazırda Dünya Bankı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyimiz doğma torpaqlarına geri dönəcək məcbur köçkünlərin əmək şəraitinin yaxşılaşdırılması layihəsi də davam edir.
Həmçinin doğru vurğuladınız ki, biz dünya təcrübəsindən istifadə edərək bir sıra sahibkarlıq fəaliyyəti istiqamətlərində komitələr təsis etmiş və bu komitələrin rəhbərliyinə həmin sahənin ən yaxşılarını təyin etmişik. Məqsədimiz hər sahəyə xüsusi diqqət göstərərək, onların özünəməxsus şəkildə inkişafına nail olmaqdır.
“Layihələrimizin tərəfdaşları həm dövlət qurumları, həm də özəl sektor təmsilçiləridir. “
- Nigar xanım, saydığınız layihələri yəqin ki, tək həyata keçirmirsiniz...
- Şübhəsiz ki, bütün layihələrimizin tərəfdaşları həm dövlət qurumları, həm də özəl sektor təmsilçiləridir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiyalar Mərkəzi (İFest-in ən layiqli tərəfdaşı idi), Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərkosmos, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) kimi dövlət qurumları ilə sıx çalışırıq. Bundan əlavə ölkədə bəlkə də ən çox özəl qurumlarla, biznes subyektləri ilə sinerji yaradıb, layihələr icra edən Assosiasiyayıq. Odur ki, bütün layihələrimizdə sponsorlarımız müxtəlif şirkətlərdir. Fürsətdən istifadə edib onlara minnətdarlıq etmək istəyirəm. Dəstəkləri çox önəmlidir.
Bundan əlavə KOBSKA komandası peşəkar gənclərdən ibarətdir. Layihələrin ərsəyə gəlməsində və təvazökarlıqdan uzaq görünməsin, həm də çox peşəkar formada ərsəyə gəlməsində komandanın böyük rolu var.
“Bu fəaliyyətlər hələ bir müddət sirr olaraq qalsın.”
- Yekunda KOBSKA-nın yaxın gələcək üçün nəzərdə tutulan fəaliyyətlərilə bağlı məlumat almaq istərdik...
- Bildiyiniz kimi qarşıda bizi dünyanın ən önəmli tədbirlərindən biri COP29 gözləyir. Noyabrda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP29-a ev sahibliyi edəcək. Bununla bağlı, az öncə qeyd etdiyim kimi, artıq bir sıra fəaliyyətlər həyata keçirmişik. Həmçinin, yaxın vaxtlarda da həmin mövzuda daha böyük fəaliyyətlər həyata keçirmək üçün çalışırıq. Demək olar ki, mövcud il sonuna qədər əsas istiqamətimiz bu mövzu olacaq. Bundan başqa silsiləvi xarakter daşıyan layihələrimizin növbəti dəfəsinə hazırlaşırıq. Maraqlı yeni layihələrimiz var. Bu fəaliyyətlər hələ bir müddət sirr olaraq qalsın (gülümsəyir), lakin yaxın zamanlarda bununla bağlı elanlar sosial media hesablarımızda və www.kobska.az  vebsaytımızda yerləşdiriləcək.
- Nigar xanım, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm.













Aftv.az 

Son xəbərlər