“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Səhiyyə
19, iyl, 2024 10:50

…Cəmiyyət arasında belə bir fikir var ki, Azərbaycanda səhiyyə sahəsində hələ də ciddi islahatlar tələb olunur. Düzdür, günün tələblərinə cavab verən səhiyyə ocaqlarımız və bacarıqlı həkimlərimiz də yetərincədir. Amma bəzən, necə deyərlər, «atın qabağına ət, itin qabağına ot» məsəlində deyildiyi kimi, əcaiblərlə də rastlaşırıq. Təəssüflər olsun ki, yaxşılar hələki olduqca azdır, yaxud, əksinə, peşəkarlara lazımi şərait yaradılmaması üzündən, həmçinin bəzi yerli həkimlərə etibar edilmədiyindən insanlarımız xarici ölkələrə üz tuturlar. Elə söhbət açacağımız Gəncə şəhərində yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”ndə baş verən, lap açıq desək, bəzi qanunsuzluqları, səhiyyə xidmətinin həddindən artıq aşağı səviyyədə olmasını görənlər də, təbii ki, başqa ünvanlara üz tutacaqlar.

***

Məlumat üçün qeyd edək ki, “Təzadlar”ın Araşdırma Qrupunun layihəsi çərçivəsində, bəzən daxil olan ciddi şikayətləri, göstərilən problemləri yerində araşdırmaq üçün Azərbaycanın bütün bölgələrinə getməli oluruq. Çünki bizə etibar və etimad varsa, biz də bunların doğruldulması üçün əlimizdən gələni etməliyik.

Hətta elə insanlar da var ki, maddi imkanı aşağı olduğundan Bakıya gəlib redaksiyalara dərdini deyə bilmir… Belə insanların problemini, həmçinin ayrı-ayrı məmurlardan, idarə və müəssisə rəhbərlətindən olan şikayətləri də yeində araşdırmaq və həmin şikayətçiləri dinləmək üçün bir neçə dəfə bölgələrdə olub, yazılar və video çəkilişlər etmişik. Həmin reportajları saytımızda və tezadlarTV-nin efirində yayımlamışıq, müsbət nəticələri də var.

***

Belə şikayətçilərdən bir qrupu da “Yeni Gəncə Tibb Mərkəzi”ndə çalışan tibb işçiləri və vətəndaşlardır. Bu vicdanlı işçilər klinikada baş verən qanunsuzluqlarla barışmırlar. Ona görə də baş verən hüquqpozmalar barədə məlumatları aidiyyəti ünvanlara çatdırmaq üçün redaksiyamıza şikayət məktubu ünvanlayıblar və bizləri də Klinikaya dəvət ediblər. Biz «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq, əks tərəfi dinləmək, həm də yazılanlarla məhz yerində tanış olmaq üçün iyulun 11-də Gəncə şəhərindəki “Yeni Gəncə Tibb Mərkəzi”nə ezam olunduq.

Bəli, Tibb Mərkəzinin çox möhtəşəm binası var. İçəridə xəstəxanaya gələnlərin çoxluğunu görəndə Bakıdakı xəstəxanalar göz önünə gəldi.

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT...

(Baş həkim Mahir Babayev)

…Beləliklə, əvvəlcə klinikanın Baş həkimi Mahir Babayevlə görüşüb şikayət məktubunu və mənim ezam olunmağım barədə rəsmi məktubu ona təqdim etdim. Elə üz-gözündən oxudum ki, jurnalistlə görüşmək heç də ürəyindən deyil. Eyni zamanda, təəccüb qaldım ki, görüşümüz baş həkimin öz kabinetində yox, təkçarpayılı bir palatada oldu. Təbii ki, bunun səbəbini soruşmalı idim və soruşdum da. Cavabı belə oldu: “Mənim özümün kabinetim yoxdur”.

Necə deyərlər, inanan daşa dönsün…

***

M.Babayev redaksiyamıza ünvanlanmış şikayəti diqqətlə və axıra qədər oxudu. Sonra hüquqşünas dediyi Mehman adlı şəxsə zəng edib bildirdi ki, “Yanına bir jurnalist gələcək, onu maraqlandıran suallara cavab verərsən… Gör nə istəyir…” və sair. Dərhal bildirdim ki, ay Mahir müəllim, mən hüquqşünasın yanına niyə getməliyəm? Axı biz yazını hələ dərc etməmişik və ona görə də hüquqşünaslıq hələ işimiz yoxdur.

Mahir müllim əlavə etdi ki, Mehman müəllim həm də ictimaiyyətlə əlaqələrə cavabdehdir və məni birinci mərtəbədəki 7-ci otaqda gözləyir. Dözməyib yenə də soruşdum ki, Mahir müəllim, bu məktubda baş həkim kimi ünvanınıza səslənən ittihamlara Mehman müəllim cavab verə biləcəkmi? M.Babayev yenə israr etdi ki, ora gedim və Mehman müəllim bütün suallara cavab verəcək, vəssalam!

***

Aydın məsələ idi ki, baş həkim M.Babayev sadəcə məndən yaxasını qurtarmaq istəyirdi. Çünki şikayət məktubunda ona hədəflənən suallar və sorğular yetərincə idi. Göstərişə əməl edərək, birinci mərtəbədəki 7-ci otağın qapısını döyüb içəri daxil oldum. İçəridə oturan şəxsdən soruşdum ki, Mehman müəllim sizsiniz?

Sonra aramızda belə bir dialoq oldu:

-Bəli mənəm…

-Siz xəstəxanın hüquqşunasısınız?

-Yox. Mən xəstəxanada Təhlükəsizlik Xidmətinin rəisiyəm.

İstər-istəməz soruşdum:

-Qəribədir, Təhlükəsizlik Xidməti rəisinin jurnalistlə nə işi ola bilər?

Sualdan məmnun kimi dedi:

-Bilirsiniz, Baş həkim bildirdi ki, mən sizi qəbul edim və sizi maraqlandıran suallara cavab verim…

-Hörmətli Mehman müəllim, mən sizə heç bir məlumat və suallar vermək iqtidarında deyiləm… Çünki siz tamam başqa sahəyə cavabdehsiniz. Ona görə də xahiş edirəm, baş həkimə çatdırın ki, mən jurnalist olaraq sizinlə danışmaqdan imtina edirəm.

Mehman müəllim məni doğru anladı:

-Əlbəttə, çox düz deyirsiniz və bu sizin haqqınızdır…

Bundan sonra Mehman müəllim baş həkimlə mobil telefonla əlaqə saxladı və oradan nə cavab verildisə, məndən bir müddət gözləməyimi xahiş etdi. Eyni zamanda bildirdim ki, xəstəxananın baş direktoru ilə də görüşmək istəyirəm.

Yenə də bir müddət gözləmək lazım olduğunu bildirdi. Amma gözlədiyim bu müddətdə Mehman müəllimlə çox maraqlı söhbətimiz alındı. Məlum oldu ki, uzun müddət polis orqanlarında xidmət edib, sonra iş yerini Yanğından Mühafizə Xidmətinə dəyişib və oradan da təqaüdə çıxıb.

«Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…»

Mehman müəllimlə həmsöhbət oluram. Deyir:

– “Təzadlar” qəzetini çox yaxşı tanıyıram. Qəzetin redaksiya heyətinin üzvləri olmuş Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Nurəddin Rzayevə Allah rəhmət eləsin. Sizin qəzeti həmişə izləmişəm, çox obyektiv və qərəzsiz qəzet kimi tanıyıram…

***

Açığı, xəstəxanın Təhlükəsizlik Xidmətinin rəisi kimi Mehman müəllimin qəzetimiz haqqında bilgiləri məni xeyli təəccübləndirdi. Eyni zamanda məlum oldu ki, Mehman müəllim ədəbiyyat həvəskarıdır. Hüseyn Cavidin və Məmməd Arazın şeirlərinin, söhbətimizin mövzusuna uyğun olduğu üçün, bəzi bəndlərini nümunə kimi də söylədi. Məmməd Arazdan söylədiyi şeirin bəndlərini tamamlamağa mən də kömək etdim.

Beləcə, Mehman müəllimlə xəstəxanadan və baş həkimdən olan şikayətdən başqa hər şeydən söhbət etdik. Nəhayət, onun telefonuna zəng gəldi və məlum oldu ki, xəstəxananın baş direktoru, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyevin qardaşı Fikrət Əliyev (Şikayət məktubunda belə yazmışdılar-E.M.) məni gözləyir.

Beləcə, Baş həkim Mahir Babayevlə birlikdə qəbula getdik. Maraqlıdır ki, katibə Fikrət müəllimdən icazə almayınca, baş həkim qəbul otağında mənimlə bir yerdə xeyli gözləməli oldu. Nəhayət, F.Əliyev bizi qəbul etdi. Özümü yenidən təqdim etdim. Sonra şikayət məktubunu tanış olmaq üçün ona verdim. Əvvəl soruşdu ki, şikayət məktubunun müəllifi kimdir? Bildirdim ki, məktubda hər şey yazılıb. Biləndə ki, məktubda müəllifin adı və imzası yoxdur, dərhal dedi ki, anonim şikayətlər bizi maraqlandırmır. Bu dəfə xahiş etdim ki, «Fikrət müəllim, anonimliyin səbəbi məktubun əvvəllində sitat gətirilmiş «Korrupsiyaya qarşı mübarizə» haqqında Qanunun müvafiq maddəsində açıq-aşkar göstərilib. Oxusanız, görəcəksiniz…».

Fikrət müəllim dərhal şikayət məktubunu yenidən oxumağa başladı. Adı çəkilən qanunun maddəsini oxuyandan sonra aydın oldu ki, hüquqpozmalar və korrupsiya haqqında məlumatlar lazımi orqanlara anonim də verilə bilər. Bunu oxuyandan sonra F.Əliyev baş həkim M.Babayevə dedi: “Mahir müəllim, sənin işin çoxdur, sən get, öz işinlə məşğul ol… Biz jurnalistlə söhəbtimizi davam edərik…”.

Beləliklə, F.Əliyev məktubu bir az oxuyan kimi, xəstəxanın hüquqşünası Anar müəllimlə telefon əlaqəsi saxladı. Fikrət müəllim hüquqşünasa bildirdi ki, «“Təzadlar” qəzetinə xəstəxandan daxil olmuş bir anonim şikayət məktubunu araşdırmaq üçün jurnalist yanımdadır…».

Telefon mikrofona qoşulduğundan danışığı təbii ki, mən də eşidirdim. «Anonim» sözünü eşidən kimi Anar müəllim ona dərhal bildirdi ki, anonim məktublara cavab vermirik.

Bu zaman Fikrət müəllim məktubda sitat kimi göstərilən «Korrupsiyaya qarşı mübarizə» haqqında qanunun müvafiq maddəsini ona xatırlatdı. Hüquqşünas gözünə döndüyüm də görünür, həmin qanunu yaddan çıxarıbmış deyə, Fikrət müəllimdən xahiş etdi ki, qanun həmin bəndinin şəkilini çəkib ona atsın. Fikrət müəllim belə də etdi… Bir müddət sonra Anar müəllim zəng edib Fikrət müəllimdən xahiş etdi ki, şikayət məktubunun hamısının şəklini çəkib ona göndərsin. Görünür, anonimliyin qorunması haqqında Qanunun 11-2-ci maddəsi hüquqşünas Anar müəllimi əməlli-başlı maraqlandırmışdı. Ona görə də bütün məktubu oxumaq qərarına gəlmişdi.

Az keçmiş Anar müəllim Fikrət müəllimə telefonda bildirdi ki, biz təkzib haqqında cavab məktubu hazırlamalıyıq. Mən də dərhal danışığa müdaxilə edib Fikrət müəllimə bildirdim ki, Anar müəllimə yazının hələ dərc olunmadığını çatdırsın. Biz yazını əks tərəf kimi sizin rəsmi mövqeyinizlə bir yerdə dərc edəcəyik. Fikrət müəllim də bu məlumatı yenidən ona deyəndən sonra Anar müəllimdən belə bir cavab gəldi:

-Onda məcburuq yazılanlara aydınlıq gətirən cavab məktubu hazırlamalıyıb redaksiyaya göndərək…

Nəhayət, uzun müzakirələrdən sonra şifahi olaraq belə qərara gəldilər ki, məktubda yazılanlar düz deyil, ona görə də onların mütləq rəsmi cavab məktubu olacaq, qəzetdə və ya saytda isə hər ikisi eyni vaxtda dərc olunsun. Məntiqlə belə də olmalı idi, çünki mən məhz əks tərəfin mövqeyni öyrənmək üçün Gəncəyə gəlmişdim.

***

Anar müəllimlə telefon söhbətini qurtarandan sonra F.Əliyev mənim jurnalist vəsiqəmi və şəxsiyyət vəsiqəmi istədi. Eyni zamanda redaksiyanın araşdırma yazısının hazırlanması barədə xəstəxana rəhbərliyinə ünvanlanmış rəsmi müraciətinin olub-olmadığını soruşdu. Xəstəxanın baş həkimi Mahir Babayevə ünvanlanmış və jurnalistin peşə fəaliyyətinə şərait yaradılması barədə baş redaktor Asif Mərzilinin rəsmi müraciət məktubunu Fikrət müəllimə təqdim etdim. O da öz növbəsində şikayət məktubunu, jurnalist vəsiqəmi surətlərini çıxarmaq üçün götürdü. Daha sonra sürətini çıxarmaq üçün şəxsiyyət vəsiqəmi də istədi. Təqdim etdim, onun da surətini çıxartmaq istəyəndə etirazımı bildirdim: “Fikrət müəllim, jurnalist vəsiqəmin sürətini çıxara bilərsiniz, amma şəxsiyyət vəsiqəmin sürətinin çıxarılmasına icazə vermirəm. Onu sadəcə, sizə baxıb tanış olmaq üçün verdim”.

Fikrət müəllim təəccüb qarışıq belə bir sual verdi:

-Axı burada qəbahət bir şey yoxdur, şəxsiyyət vəsiqəsinin surətinin çıxarılmasına niyə etiraz edirsiniz?

-Fikrət müəllim, mənim şəxsiyyət vəsiqəmin surəti ilə bankdan kredit götürə bilərlər, cəzasını isə mən çəkmək məcburiyyətində qalaram…

-Axı bu şəxsiyyət vəsiqəsinin surətidir, əsli deyil…

-Fikrət müəllim, üzr istəyirəm, kibercinayətkarlar ayıqdır… Hər şey ola bilər.

Bundan sonra F.Əliyev daha bir söz demədən şəxsiyyət vəsiqəmi özümə qaytardı və bildirdi ki, qısa müddətdə şikayət məktubuna hərtərəfli cavab veriləcək.

***

Artıq söhbətimizin bitdiyini gördüm və icazə alıb getmək istədiyimi diqqətinə çatdırdım… Bu zaman Fikrət müəllim çox böyük bir jest edərək, bütün dəhliz boyu və xəstəxananın çıxışına qədər məni müşaiyət edərək, sağollaşıb yola saldı. Bu qonaqpərvərliyinə görə Fikrət müəllimə dərin təşəkkürümü ifadə edirəm. Çöldə isə redaksiyanın reportyorları məni gözləyirdi…

***

Bununla da mənim əks tərəfin mövqeyni öyrənmək üçün Gəncədə yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”nə olan ezamiyyəm başa çatdı. Amma araşdırmam tamamlanmadı. Çünki ortada şikayətçilər var idi, digər əməkdaşımız və reportyorumuzla birlikdə iki gün Gəncədə qalıb onları axtardıq, bəzilərini tapdıq, bəziləri ilə isə telefonla danışdıq…

***

İndi isə hörmətli oxucuların və aidiyyəti qurumların diqqətinə “Yeni Gəncə Tibb Mərkəzi”nin bir qrup həkimlərinin və şikayətçi vətəndaşların adından redaksiyamıza ünvanladığı şikayət məktubunu kiçik ixtisar və redaktə ilə təqdim edirik.

Məktubdan sonra əks tərəfin bizə göndərdiyi cavab məktubu ilə də tanış olacaqsınız.

«Təzadlar»ın Araşdırma Qrupu

Bakı-Cəncə-Bakı

11.07.2024

Aftv.az 

Son xəbərlər